Hər şey necə başladı. Hər şey 1989-cu ildə, çox mürəkkəb bir dövrdə Bakıda başladı. Dəyişikliklər dövrü idi. Böyük bir ölkə dağıldı, müharibə başladı, siyasət və iqtisadi münasibətlər dəyişdi. Çoxları yalnız həyatda necə qalmağı düşünürdü. Yalnız bir neçə insan yeni bir şey qurmağa cəsarət etmışdi …
Bu insanlar entuziastlardan ibarət idi: müəllimlər, psixoloqlar, kibernetiklər, rəssamlar. Onlar gələcəyi düşünürdülər: bu gələcəyin təməli bu gün qoyulmalı idi və diqqəti gənc nəslə yönəltmək lazım idi. Onlar – bu günün uşaqları, yeniyetmələri, gəncləri milli dəyərlər və tarixi ənənələr əsasında, ideoloji təsirlərdən azad, dünya sivilizasiyasına inteqrasiya edən yeni Azərbaycanı qurmalı idi. Və aydındır ki, təhsil sistemindən başlamaq lazım idi. Suverenliyi və gələcək rifahı təmin etmək üçün gənc dövlətin millətin intellektual elitasına ehtiyaç var idi. Ancaq bu məqsədə çatmaq üçün ilk növbədə bu suallara cavab tapılmalı idi: kimi, necə və hansı məqsədlərə nail olmaq üçün hazırlamalı?
Məlum olmuşdur ki, istedadlı uşaqların öyrədilməsi problemi heç də yeni (bütün dövrlərdə və bütün mədəniyyətlərdə mövcud olub) və asan deyil: hər bir istedad unikallığı ilə fərqlənir və konkret pedaqoji məsələlərin həlli alimlərin istedadı necə müəyyən etməsindən, valideynlərin öz qeyri-adi övladlarına münasibətindən, cəmiyyətdə istedadlara olan ehtiyacdan və cəmiyyətin onları necə dəstəkləməsindən asılıdır. Bunlar bütün ölkələr üçün ümumi problemlərdir. Bəs onları necə həll etmək olar? Burada hər ölkə, hər mədəniyyət, hər dövr öz üsulunu axtarır.
1990-cı illərin əvvəllərində görülmüş işlər əsasında istedadlı şəxslərin aşkarlanması metodologiyası müəyyən edildi, dünya təcrübəsini və Azərbaycan təhsilinin xüsusiyyətlərini özündə cəmləşdirən psixoloji-pedaqoji model yaradıldı. Nəticədə, yüksək yaradıcılıq və intellektual potensiala malik uşaqların erkən aşkarlanması və onlara təhsil verilməsinin unikal sistemi işlənib hazırlandı.
Bakı Avropa liseyinin yaranması. Yeni tipli təhsil müəssisəsi ideyası, sözün əsl mənasında, xəyal idi. Buna baxmayaraq, “İstedad” Azərbaycan Assosiasiyası “Yaradıcı İstedad” Respublika Elmi-Praktiki Mərkəzi ilə birlikdə belə bir liseyin yaradılması təşəbbüsü ilə çıxış etdi. İstedadlı uşaqlar üçün innovativ təhsil müəssisəsi layihəsinin yaradıcıları bu xəyalın gerçəkləşməsi üçün əlindən gələni edən bir qrup həvəskar – azərbaycanlı alim və mütəxəssislər oldu. Vaqif Ələkbərov, Rəna İbrahimbəyova, Məleykə Abbaszadə, Rəhim Hüseynov, Rafiq Əzizov, Zülfiyyə Veysova, Vəfa Məmmədova, Səməd Seyidov, Hikmət Kazımzadə və “İstedad” elmi mərkəzinin və birliyinin digər üzvləri liseyi yaradan ziyalılarımızdır.
Respublika rəhbərliyi, ictimaiyyət, elmi-yaradıcı ziyalı təbəqəsi, valideynlər bu təşəbbüsü dəstəklədilər. Azərbaycan Respublikasının Təhsil Nazirliyi də istedadlı uşaqlar üçün xüsusi təhsil müəssisəsinin yaradılması təşəbbüsünü alqışladı və innovativ təhsil modelini təsdiq etməklə böyük dəstək göstərdi. Təbii ki, bu işdə Assosiasiyanın prezidenti Vaqif Ələkbərovun, Elmi Mərkəzin direktoru Rəna İbrahimbəyovanın, Assosiasiyanın vitse-prezidenti Məleykə Abbaszadənin, liseyin modelinin həmmüəllifi Zülfiyyə Veysovanın, əvvəllər “Yaradıcı İstedad” Respublika Elmi-Praktik Mərkəzinin elmi işçisi, daha sonra isə liseyin direktoru olmuş Vəfa Məmmədovanın fəaliyyətləri əvəzolunmazdır.
Hazırlıq işləri çox sürətlə həyata keçirildi. Təhsil müəssisəsinin yaradılmasını tezləşdirmək üçün Bakı məktəblərindən birində istedadlı uşaqlar üçün yuxarı siniflərin təşkil edilməsi qərara alındı. Beləliklə, 1991-ci ilin sentyabrından Azərbaycanda (və bütün postsovet məkanında) istedadlı şagirdlər üçün həm ümumdünya, həm də milli psixologiya və pedaqogika elminin ən innovativ nailiyyətlərini özündə cəmləşdirən tədris modeli həyata keçirilməyə başlandı. “Avropa Məktəbi” təlim modelinin müəllifləri pedaqogika elmləri namizədi, dos. Vaqif Ələkbərov, psixologiya elmləri namizədi, dos. Rəna İbrahimbəyova və pedaqogika elmləri namizədi Rəhim Hüseynovdur.
“Bakı Avropa Liseyi” layihəsi Azərbaycan müstəqil Respublika statusu almamışdan bir-iki ay əvvəl həyata keçirilməyə başladı və demək olar ki, respublikamızla eyni yaşdadır. Əvvəlcə cəmi iki sinif – IX və X siniflər açıldı. 1993-cü ildən liseydə birinci sinifdən təhsil verən daha bir “İstedadlı uşaq” (müəllif psixologiya elmləri namizədi Zülfiyyə Veysova) təhsil modeli tətbiq olunmağa başlayandan sonra şagirdlərin sayı artırıldı. Amma bu çoxalma yuxarı sinif şagirdləri hesabına deyil, aşağı sinifləir yaratmaqla – əvvəlcə VI və VII, o cümlədən I siniflər, sonra isə orta ümumtəhsil məktəbinin bütün siniflərinin açılması ilə oldu. Əlbəttə ki, bu, asan olmadı: iki il ərzində siniflər iki dəfə bir məktəbdən digərinə (43 və 18 nömrəli) köçürüldü və yalnız 1993-cü ildə Rostropoviçlər küçəsindəki köhnə binada bir neçə sinif yerləşdirmək mümkün oldu. Tədricən dövrümüzün görkəmli musiqiçisinin ev-muzeyinin qonşuluğundakı iki beşmərtəbəli bina Bakı Avropa Liseyinə verildi.
1994-cü ildə Bakı Avropa Liseyi nəhayət rəsmi status aldı. Beləliklə, lisey 90-cı illərin ortalarından öz şagirdlərini “A”dan “Z”yə – birinci sinifdən sonuncu sinfə qədər gələcəyin insanlarının – düşünən, yaradıcı, dəyişikliklərə açıq, dünyanı dəyişməyə qadir və hazır olan şəxsiyyətləri formalaşdıran, onların pulsuz təhsil almasına şərait yaradan təhsil müəssisəsi kimi fəaliyyətə başladı. İlkin mərhələdə liseyin formalaşmasında və inkişafında onun ilk direktorları Rüfət Əliyev və Vəfa Məmmədova çoxlu güc, əmək və enerji sərf etmişlər.
Bütün bu illər ərzində lisey yaradıcılıq fəaliyyəti ilə seçilib: “Yaradıcı istedad” Elmi-Praktik Mərkəzin onun direktoru, prof. Rəna İbrahimbəyovanın rəhbərliyi altında yeni xarici təhsil texnologiyaları öyrənilmiş və liseyə uyğunlaşdırılmış, təlim, inkişaf və tərbiyənin yeni üsulları işlənib hazırlanmışdır. Uşaqların istedadlarının üzə çıxarılması və hərtərəfli inkişafı üçün unikal mühit yaradılmışdır. Bütün işlər Təhsil Nazirliyinin, respublikanın yerli hakimiyyət orqanlarının dəstəyi ilə həyata keçirilmişdir. Həmçinin “Bakı Avropa Liseyi” təhsil layihəsinin uğurunun göstəricisi kimi, respublika rəhbərliyi tərəfindən vəsait ayrılmış və 2021-ci ildə lisey üçün yeni müasir bina tikilmişdir. Liseyin yeni binasının açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə təntənəli şəkildə olmuşdur. Həmin gün Bakı Avropa Liseyinin tarixində, həqiqətən də, əlamətdar bir gün kimi yadda qalacaqdır.
Bakı Avropa Liseyinin şagirdləri. Liseyin ilk şagirdləri 2 seçmə mərhələdə psixoloji testlərdə yüksək bal toplayan müxtəlif məktəblərin yuxarı sinif şagirdləri olmuşlar. Seçim Azərbaycanda ilk dəfə olaraq, psixoloqlar tərəfindən Azərbaycan mühitinə uyğunlaşdırılmış, elmi əsaslandırılmış xüsusi psixoloji testlər sistemi əsasında aparılırdı. Məqsəd digər məktəblərin ən yaxşı şagirdlərinin cəlb olunması deyil, istedadlı uşaqların axtarı -tapılması idi. Seçilənlərin arasında həm əlaçı şagirdlər və çox vaxt adi məktəb şəraitində “iki alanlar” və ya başqalarından fərqlənən uşaqlar, həmdə ənənəvi pedaqoji sistem üçün yararsız hesab olunan şagirdlər də ola bilirdi. Əsas seçim meyarı şagirdin orta statistik normanı aşan intellektual və yaradıcı potensiala malik olması idi. Bundan əlavə, liseydə ilk dəfə olaraq fənn testləri tətbiq olunmuşdur, psixoloji müayinənin nəticələrinə əsasən gələcək lisey şagirdinin şəxsi profili yaradılmışdır.
1993-cü ildən lisey birinci sinifdən şagird qəbuluna başladı ki, bunun üçün də “Yaradıcı İstedad” Mərkəzi tərəfindən istedadlı məktəbəqədər uşaqların psixoloji seçimi üçün yeni proqram hazırlandı. Hazırda “İnkişaf” adlanan bu Mərkəz Bakı Avropa Liseyi yarandığı gündən bu günə kimi liseyə daxil olan uşaqların psixoloji müayinəsini təşkil edir. (“Yaradıcı İstedad” фотография членов Центра)
Lisey niyə yarandığı ilk illərdən uğur qazandı? Bir il sonra liseyin ilk buraxılışı seçilən yolun düzgünlüyünü və psixoloji-pedaqoji qiymətləndirmələrin dəqiqliyini təsdiq etdi. Yəqin, elə buna görədir ki, “abituriyentlər”ə tanış olmayan və bu səbəbdən həyəcan doğuran psixoloji sınaqdan keçməyin çətinliklərinə baxmayaraq, burada təhsil almaq istəyənlərin sayı ildən-ilə artdı.
Azərbaycan “İstedad” Assosiasiyanın elan etdiyi istedadlı şəxs axtarışına valideynlər hər zaman anlayışla yanaşmışlar. İstedadlı uşaqların təhsilinə və inkişafına, qayğıya və xüsusi yanaşmaya böyük ehtiyac yaranmışdı. Bu istiqamətdə görkəmli rəssam, sənətşünaslıq doktoru, prof. Rafiq Əliyev tərəfindən böyük işlər görülmüşdür. O, bir çox yerlərdə Gənc Rəssamlar Məktəbləri açmış, gənc istedadları üzə çıxarıb sənət aləminə təqdim etmiş, onlarla ustad dərsləri keçirmiş, onlar üçün Bakıda, o cümlədən İstanbulda sərgilər təşkil etmişdi. Şagirdlərin çoxu onun dəstəyi və sponsorluğu ilə Türkiyənin təhsil ocaqlarında təhsillərini davam etdirmişlər. Bu işin aktuallığı gənc müstəqil Azərbaycanın formalaşması ilə daha da artdı.
Doğrudur, əvvəlcə valideynlər liseydə təlim metodlarını tam başa düşmürdülər və qəbul etmirdilər. Amma dörd ildən sonra Liseyə qəbul üçün müsabiqədə hər yer üçün dörd-beş nəfər mübarizə aparırdı. Avropa liseyinə qəbul olunmaq üçün yüksək rəqabət bütün bu illər ərzində davam etməkdədir.
Uğurun ilk səbəbi budur ki, liseydə tədris ən müasir yanaşmalara və effektiv metodlara bələd olan peşəkarlar tərəfindən həvəslə, maraqlı şəkildə, uşaqlara məhəbbətlə, onların xüsusi ehtiyaclarını dərk edərək aparılır. Əgər uşağa maraqlıdırsa, onda onun qabiliyyətləri nəinki üzə çıxır, həm də inkişaf etdirilir və təkmilləşdirilir. İkinci səbəb isə liseydə tamamilə unikal, şagirdin şəxsiyyətinə, onun inkişafına yönəlmiş demokratik ab-havanın yaradılmasıdır.
Bu 30 ildə Bakı Avropa Liseyinin inkişafında və nüfuzunun saxlanmasında onun direktorları Rüfət Əliyev (1992-1997), Vəfa Məmmədova (1997-2003), Zülfiyyə Veysova (2005-2015, 2018-indiyə qədər), Aygün Mikayılovanın (2015-2018) böyük əməyi olmuşdur. Hər zaman müasir təhsilin tələbləri ilə ayaqlaşan və psixoloji-pedaqoji cəhətdən sistemli qurulan Bakı Avropa Liseyinin modelinin uğurlu fəaliyyət göstərilməsində elmi-metodiki cəhətdən liseyin bu günə qədər işinə rəhbərlik edən BDU-nun nəzdində fəaliyyət göstərən “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin töhfələri danılmazdır.
1993-1994-cü tədris ilindən etibarən I sinifdən təhsilə başlamış və 1994-cü ildə istedadlı uşaqlar üçün müstəqil lisey statusunu qazanmışdır;
2000-2005–ci illərdə “Fəal təlim və məktəb rəhbərliyi” layihəsi çərçivəsində UNİCEF tərəfindən şəxsiyyətə yönəlmiş və fəal təlim metodologiyasına əsaslanan model məktəb adına layiq görülmüşdür;
2000-ci ildən YUNESKO Assosiativ Məktəblər Şəbəkəsinin üzvüdir;
2007-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elektron məktəb” layihəsi üzrə pilot məktəb kimi fəaliyyət göstərməyə başlamışdır;
2008-ci və 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür;
2010-cu ildə “Məktəb uşağın dostudur” layihəsi çərçivəsində UNICEF tərəfindən nümunəvi məktəb adına layiq görülmüşdür;
2016-ci ildə YUNESKO Globallab Layihəsi üzrə model məktəb kimi seçilmişdir ;
2013-cü ildən Avropa İttifaqının eTwinning Fasiləsiz Təhsil Proqramının üzvüdür.