«Avropa məktəb» modeli

Bakı Avropa Liseyi Avropa Şurasının nəzdində fəaliyyət göstərən «Avropa məktəbləri»nin təhsil modeli üzərində qurulmuşdur. 1991-ci ildə Azərbaycanın pedaqogika, psixologiya, informasiya texnologiyaları sahəsində alimləri (pedaqogika üzrə fəlsəfə dok., dos. Vaqif Ələkbərov, fəlsəfə dok., psixologiya üzrə prof. Rəna İbrahimbəyova, fizika-riyaziyyat üzrə fəlsəfə dok. Məleykə Abbaszadə, pedaqogika üzrə fəlsəfə dok. Rəhim Hüseynov) bu təhsil modelini Azərbaycanın yerli xüsusiyyətlərini nəzərə alınmaqla istedadlı uşaqlara yönəlmiş təhsil modeli kimi uyğunlaşdırmış və yeni psixoloji-pedaqoji yanaşmalar əsasında təkmilləşdirmişdirlər.  «Avropa məktəbi» təhsil modeli XXI əsrin əvvəlində Azərbaycanda həyata keçirilən kurikulum islahatına müvafiq olaraq inkişaf etdirilmişdir.

Azərbaycanda və postsovet məkanında ilk dəfə olaraq “Avropa məktəbi” modeli şəxsiyyət yönümlü tədris, humanist və demokratik məktəb idarəetmə prinsiplərini ön plana çəkdi. Təhsil modeli Azərbaycanda ilk dəfə olaraq çox mühüm təhsil islahatları təqdim etdi:

  • tədris prosesinin təşkili və metodologiyası üzrə: tədris prosesinin semestrlərə bölünməsi, blok-modul tədris sisteminin tətbiqi və hər tədris bölməsinin sonunda təlim seminarlarının keçirilməsi;
  • şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə: formativ və summativ qiymətləndirmə, differensial 100 ballıq qiymətləndirmə sistemi, əqli funksiyaların inkişafına yönəlmiş fənn testləri əsasında təlim nailiyyətlərinin qiymətləndirilməsi;
  • psixoloji testlər əsasında şagird və müəllimlərin seçilməsi: şagird və müəllimlərin əqli inkişafı, yaradıcılıq potensialı, ümumi dünyagörüşü və şəhsiyyətin xüsusiyyətlərin psixoloji testlər əsasında müəyyən olunması və qəbul prosesində nəzərə alınması;
  • tədris prosesinin idarə edilməsi üzrə: psixoloji yanaşmalar, demokratik prinsiplər və təhsil prosesinin bütün iştirakçılarının (müəllimlər, şagirdlər və onların valideynləri) qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında idarəetməsi.

Hər hansı bir şagirdin (sinfin) səviyyəsindən və idraki tələbatından asılı olaraq bütün fənlərin tədrisində üç proqram variantından istifadə edilə bilər:

a) icbari proqram tam orta təhsil məktəbinin baza proqramını daxil edir;

b)diferensiallaşdırılmış proqram şagirdlərin intellektual imkanlarına və idrak ehtiyaclarına uyğun olaraq təlimin diferensiallaşması  prinsiplərinə əsaslanır;

c) fərdiləşdirilmiş proqram şagirdlərin idraki ehtiyaclarına, meyllərinə və maraqlarına cavab verir.

Avropa modelinə əsasən şagirdlərin dünyagörüşünü və dünya miqyasında ünsiyyəti qurmaq imkanlarını genişləndirmək məqsədilə kurrikulumun lisey komponenti xarici dil kimi üç dilin tədrisi və dünya mədəniyyətinin tarixi fənnin keçirilməsi nəzərdə tutulur. Diferensiallaşdırılmış kurikulumu təmin etmək üçün Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dərsliklərlə yanaşı, əlavə təlim materiallarından da istifadə olunur.