AZƏRBAYCANDA İLK DƏFƏ: Liseyin 30 ildə tətbiq edilən innovasiyalar

Bakı Avropa liseyində istedadlı şagirdlərə yönəlmiş təlim məzmununun və xüsusi inkişafetdirici təlim mühitinin yaradılması prosesi həyata keçirilir. Bununla şagirdlərin şəxsiyyətinin, onların XXI əsrin kompetensiyalarının və metakoqnitiv bacarıqlarının inkişafına yönəlmiş və qabiliyyətlərinin üzə çıxarılmasına dəstək verən təhsil yanaşması tətbiq olunur. Bu məqsədlərə tədris proqramlarının və məktəbdənkənar fəaliyyətlərin müvafiq olaraq tətbiqi vasitəsilə nail olunur.

Bakı Avropa liseyinin təhsil modelinə daxil olan innovasiyaların ən mühümləri:

1. İnkişafedici kurikulumun məzmunu və qiymətləndirmə.

  • Təhsil məzmununun fərqli qurulması. Bakı Avropa liseyinin kurikulumunun tərkibi dövlət standartlarına və kurikulumuna əsaslanır, lakin onun daxilində diferensial tədris proqramlarını, inkişafetdirici fənlərin tədrisini nəzərdə tutan xüsusi lisey komponenti də mövcuddur. Bu komponentə innovativ, inkişafetdirici, fəlsəfi Fənlərarası Təlim Proqramı (FAT) (I-IX siniflər), “Dünya mədəniyyəti tarixi” (VI-VIII siniflər), V sinifdən ikinci Avropa dili (fransız dili), Ritmika fənləri də daxildir.
  • Azərbaycanda ilk dəfə 1991-ci ildən qiymətləndirmədə yeni yanaşmaların tətbiqi həyata keçirilib: diaqnostik, formativ və summativ qiymətləndirmə tətbiq olunub, carı və əsas fənn testləri əsasında qiymətləndirmə aparılıb, diferensial 100 ballıq qiymətləndirmə və bonus sistemi tətbiq edilib.

2. İnnovativ təlim yanaşmaları, metodologiya və texnologiyaları.

  • Bu sahədə 1991-ci ildən Azərbaycanda ilk dəfə aşağıdakılar tətbiq olunub:
    • Təlimdə şəxsiyyətyönümlü yanaşma. Hər bir şagird unikaldır və dəyərlidir. Bu yanaşmaya əsasən şagird təlim və tərbiyə prosesinin mərkəzində olur və bütün pedaqoji fəaliyyətlər onun ehtiyac, fərdi xüsusiyyət və həyat təcrübəsini nəzərə alaraq qurulur.
    • Psixoloji əsaslarla təlim-tərbiyə prosesinin təşkili və idarəedilməsi: şagird və müəllim qəbulunun psixoloji testlər əsasında həyata keçirilməsi, təlim prosesində şagirdlərə diferensial yanaşma, onların ehtiyaclarının, qabiliyyətlərinin və istedad potensialının nəzərə alınması və s.
    • Tədris prosesinin yeni əsaslarla qurulması: tədris ilinin semestr üzrə qurulması; tədrisin blok/modul sistemi ilə təşkili.
  • Fəal/interaktiv təlim metodologiyası Azərbaycanda ilk dəfə Bakı Avropa liseyində 1993-cü ildə tətbiq olunub və sonradan liseyin elmi rəhbəri Veysovanın fəal/interaktiv təlim konsepsiyası ölkənin kurikulumunda öz əksini tapıb.
  • Liseydə İKT-nin təlim-tədris prosesində Azərbaycanda ilk dəfə tətbiqi başlanılıb və sonradan 2007-ci ildən başlayaraq lisey E-məktəb statusunu qazanıb. Liseydə informasiya-kommunikasiya texnologiyaları və Təhsil Nazirliyinin müxtəlif innovativ proqramlarının tətbiqi həyata keçirilib: “Elektron məktəb” modeli, “1 uşaq:1 kompüter” modeli, STEAM və s.

3. Xüsusi inkişafedici təlim mühitinin yaradılması:

  • İntellektual və tədqiqat əsaslı layihələrin mütəmadi olaraq həyata keçirilməsi: bilik yarışmalarının, elmi-tədqiqat fəaliyyətinin, İKT, yaradıcılıq və incəsənət layihələrinin, intellektual oyunların təşkili.
  • Sağlam mühitin yaradılması: sosial və ekoloji layihələrin, idman seksiyalarının fəaliyyəti, idman yarışların təşkili, sosial-mədəni tədbirlərin, aksiyaların keşirilməsi və s. .
  • Müxtəlif həyati bacarıqların və XXI əsrin kompetensiyalarını inkişaf etdirən Meqa-layihələrin tətbiqi: “Dünyanın mədəni-ekoloji ənənələr bankının yaradılması”, “Sərhədsiz Diplomatiya” Layihəsi, “GlobalLab” Layihəsi və s.
  • Məktəb icmalarının yaradılması: “Kiçik Elmlər Akademiyası”, “Gənc Erudit”, “Birləşmiş Liseyistlər Təşkilatı”, “ICT Masters Organization”, “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi, “Debat” klubu, “Evrika” İntellektual oyunlar klubu, Kinoməktəb, “Gənc liderlər klubu” kimi uşaq təşkilatlarının yaradılması.

4. İdarəetmənin demokratik üsullarının tətbiqi:

  • İdarəetmədə şagirdə yönəlmiş yanaşmanın tətbiqi. İdarəetmədə həm şagirdlərin ehtiyacları nəzərə alınır, həm də onlara liseyin idarəedilməsində imkanlar yaradılır.
  • Demokratiya əsasında idarəetmə. Lisey şagirdləri demokratik şəkildə idarə edilən təlim mühiti ilə təmin olunur: burada şagird məktəbin idarə edilməsində iştirak edir və təlim prosesinin bərabərhüquqlu iştirakçısıdır.
  • Demokratiya və vəzifələrin bölüşdürülməsi əsasında liderlik: bölüşdürülmüş (müştərək) idarəetmə üslubunun tətbiqi, ümumi qaydaların müəyyən olunması.
  • Liseydə müsbət və təhlükəsiz öyrənmə mühitinin yaradılması hörmət və qayğıya əsaslanan əlverişli, ruhlandırıcı, stimullaşdırıcı, intizamlı, innovativ və qarşılıqlı əməkdaşlığı nəzərdə tutur və şagird inkişafının mükəmməlliyinə nail olmağa imkanlar yaradır.
  • Liseyin “öyrənən” icma kimi fəaliyyətinin təşkili təhsildə iştirak edən bütün üzvlərin yeni ideyaları əldə etdiyi və liseyin inkişafı və saxlanması üçün məsuliyyət daşıdığı bir təşkilatı əks etdirir. Əsas diqqət üzvlərin ideya və təcrübələrindən istifadə etməkdir. “Öyrənən icmada” üzvlər bir-birini başa düşür, eyni zamanda bir-birinin müxtəlifliyinə hörmət edərək birlikdə işləyirlər. Hər bir fərdin töhfəsi təşkilatın həyatı və rifahı üçün əhəmiyyətlidir.
  • Ailə və icma ilə əməkdaşlıq modeli: Azərbaycanda ilk dəfəValideyn-Müəllim Assosiasiyasının” yaradılması, şagirdə yönəlmiş Açıq Qapılar Gününün yeni modelinin yaradılması, valideyn iclaslarına bu yeni yanaşmanın tətbiqi.
  • Tərbiyəvi xarakter daşıyan müxtəlif lisey ənənələrinin yaradılması: Liseyist Günü, Məzunlar Günü, “Alqışlama” mərasimi, Birləşmiş Liseyistlər Təşkilatına (BLT) qəbul olunma mərasimi, BLT prezidentlərinin seçilməsi və sammiti, “Özünüidarəetmə Günü”, xeyriyyə ənənələri, və s.

5. Fənlərarası Təlim Proqramı (FAT)

Yeni müasir təlim prinsiplərinə əsaslanan “İstedadlı uşaq” təlim modelinin əsasını təşkil edən və lisey tərəfindən təqdim olunan vacib yeniliklərdən biri Fənlərarası Təlim Proqramıdır (FAT). FAT proqramı xüsusi istedada malik olan uşaqlar üçün Cənubi Kaliforniya Universitetinin (ABŞ)  professoru, istedadlı uşaqların psixologiyası və inkişafı üzrə dünyada tanınmış mütəxəssis Sandra Kaplan  tərəfindən yaradılmış və Rusiyanın tanınmış alim psixoloqu, professor Natalya Şumakova tərəfindən təkmilləşdirilmiş inkişafetdirici təlim proqramıdır. Bu proqramın psixopedaqoji yanaşmaları  “Yaradıcı İstedad” REPM-nin aparıcı elmi işçisi psixol.e.n. Zülfiyyə Veysova tərəfindən Azərbaycan şəraitinə uyğunlaşdırılması həyata keçirilmiş və sonradan təkmilləşdirilməsi aparılmışdır. Dünyada yalnız 3 ölkədə (ABŞ, Rusiya Federasiyası, Azərbaycan) tətbiq edilən bu proqram Bakı Avropa liseyində 1993-cü ildən tədris olunur. FAT proqramı I-IX siniflərdə tədris olunur. Proqramın müəlliflik hüququ var və onun tətbiqi yalnız müəlliflərin  razılığı ilə mümkündür.

FAT proqramının tərkibinə “Kainatın  əsasları” “FAT-Texnologiya” kimi unikal fənlər daxildir. Bu proqram vasitəsilə şagirdlərdə birinci sinifdən başlayaraq XXI əsrin bütün kompetensiyaları formalaşdırılır:

  • məntiqi, tənqidi, yaradıcı və qlobal təfəkkür,
  • müxtəlif sahələrdə yaradıcılıq qabiliyyətinin tətbiqi,
  • elmi-tədqiqat və məlumatla işləmək bacarığı,
  • problemi həll etmə, qərar çıxarma bacarıqları,
  • əməkdaşlıq və ünsiyyət qabiliyyətləri

FAT metakoqnitiv bacarıqlarının sistemli inkişafının həyata keçirilməsinə  imkan yaradır  və bu da öz növbəsində şəxsiyyətin inkişafına, öyrənməyi öyrənmək kompetensiyasının formalaşmasına, eləcə də öyrənmək həvəsinin yaranmasına səbəb olur, şagirdləri daima dəyişən, inkişaf edən dünyada uğur qazanmağa hazırlayır.

Bu unikal proqramın həm mütərəqqi inteqrativ, fəlsəfi xarakter daşıyan məzmun, həm də müasir təlim metodologiyası şagirdlərə imkan verir ki, onlar özləri kainatın mühüm olan qanunauyğunluqlarını aşkar etsinlər. Fənlərarası təlim proqramında hər il üçün məxsus olan fərqli fəlsəfi mövzuları  əhatə edən inteqrativ təlim yanaşması tətbiq edilir: I sinif – Mənşə və struktur, II sinif – Dəyişiklik, III sinif -Təsir, IV sinif- Xaos və qayda, V sinif – Varislik, VI sinif – Sistem, VII sinif – Qüvvə, VIII sinif -Adaptasiya və IX sinif – Qarşılıqlı təsir). Sadalanan hər bir mövzunu öyrənərək tədris ili ərzində şagirdlər fəal/interaktiv təlim əsasında həmin il tədris olunan  mövzu bağlı kainatda mövcud olan fəlsəfi qanunauyğunluqları özləri müəyyən edirlər. Bu qanunauyğunluqlar təbiətə, cəmiyyətə, insana və insanın yaratdığı cisimlərə aiddir və fəlsəfi ümumiləşdirmə formasında şagirdlər tərəfindən ifadə olunur. Təlim prosesini idarə etmək üçün xüsusi dərs modeli və fasilitasiya metodologiyasından istifadə olunur. Müəllim şagirdləri yalnız yönəldir və yeni ideyaları aşkarlamaq üçün xüsusi tədqiqat şəraiti yaradır. FAT Proqramı istedadlı şagirdlərin həm maraqlarına, həm də imkanlarına tam uyğun olaraq onların digər yollarla müəyyən olunmayan qabiliyyət və imkanlarını üzə çıxarır və inkişaf etdirir.

Bu proqramın öyrənilməsi nəticəsində liseyin məzunları həyatları boyu öyrənməyi bacarır, həmçinin gələcək müstəqil fəaliyyətə, karyeraya və dəyişən dünyada həyata hazır olurlar.