Liseyin kurikulumu

Bakı Avropa liseyinin təhsil modeli I sinifdən XI sinfə qədər bütün təhsil pillələrini əhatə edir. Liseyin tədris planı həm dövlət tərəfindən müəyyən olunmuş əsas fənnləri əhatə edir, həm də birinci sinifdən başlayaraq xüsusi istedada malik olan şagirdlərin inkişafını təmin edən innovativ proqramlar və yanaşmalar tətbiq edilir.

1. Tədrisin təşkili

  • Bakı Avropa Liseyinin tədris proqramı ibtidai (I-IV), tam orta (V-IX) və əsas təhsil (X-XI) pillələri üzərində qurulmuşdur.
  • Tədris ili 2 semestr üzrə ayrılır və təhsil həftəsi 5 gündən ibarətdir. Şənbə günlərində liseydə əlavə inkişafetdirici fəaliyyətlər, layihələr və proqramlar həyata keçirilir.
  • Liseydə tədris 2 dildə – Azərbaycan və rus dillərində aparılır.

2. Təlimin məzmunu

  • Bakı Avropa Liseyinin baza tədris planı dövlət standartlarına, yeni kurikuluma əsaslanır, eyni zamanda onun daxilində xüsusi lisey komponenti də mövcuddur. Bu komponentə innovativ inkişafetdirici Fənlərarası Təlim Proqramı (FAT) və “FAT-Texnologiya” fənləri (I-IX siniflər), “Dünya mədəniyyəti tarixi” (VI-VIII siniflər) fənni daxildir.
  • Liseyin kurikulumunda xarici dillərin öyrənilməsinə xüsusi önəm verilir, çünki istedadlı şagirdlərin dillərin öyrənilməsində daha böyük ehtiyac və qabiliyyətləri mövcuddur. Dövlət tərəfindən ümumtəhsil orta məktəblərində tətbiq olunan ingilis dilinin tədrisindən başqa, liseydə V sinifdən ikinci Avropa dili (fransız dili) də tədris edilir. Azərbaycan bölməsində rus dili fənni I-VI siniflərdə tədris olunur.

Liseyin kurikulumuna həmçinin Bakı Avropa liseyinin təhsil modelinin fəlsəfəsini həyata keçirən və müxtəlif inkişaf sahələrini əhatə edən dərsdənkənar fəaliyyətlər, layihələr və proqramlar da daxil edilir.

 

3. Təlim yanaşmaları, metodologiya və texnologiyalar

    • Təlim prosesinin əsasını şəxsiyyətə yönəlmiş təlimin qurulması prinsipi və XXI əsrin kompetensiyalarının inkişafına yönəlmiş məzmun və metodologiya təşkil edir.
    • Liseydə 1993-cü ildən fəal (interaktiv) təlim metodlarından geniş istifadə olunur.
    • Liseyin təlim-tədris prosesində informasiya və kommunikasiya texnologiyalarının müxtəlif vasitə və yolları mərhələlərlə tətbiq olunur və mütəmadi olaraq dövlət tərəfindən həyata keçirilən İKT üzrə layihə və proqramlar tərəfindən yenilənir.
    • İbtidai siniflərdə bədən tərbiyəsi dərsləri innovativ yanaşma (ritmika) ilə həyata keçirilir və bununla şagirdlərin həm fiziki və estetik inkişafı, həmçinin də şagird şəxsiyyətinin bir sıra xüsusiyyət və qabiliyyətlərinin inkişafı təmin edilir (özünə inam, auditoriyanın qarşısında sərbəst çıxış etmək qabiliyyəti və s.)

4. Qiymətləndirmə

  • Liseydə qiymətləndirmə istedadlı şagirdlərin potensialını nəzərə alan özəl 100 ballıq sistemlə aparılır.
  • Qiymətləndirmə sistemində mükafat ballar – “ bonuslar”dan istifadə olunur.
  • Şagirdlər təfəkkürə yönəlmiş meyarlar əsasında fənn testləri vasitəsi ilə qiymətləndirilir.