Birləşmiş Lisey Şagirdlərin Təşkilatı
Bakı Avropa liseyinin fərqləndirici cəhəti onun demokratik idarə edilən təlim mühitidir. Şagird məktəbin idarə edilməsində və tədris prosesində bərabərhüquqlu iştirakçıdır. Məktəb icmalarının yaradılması liseyin demokratik mühitinin inkişafında mühüm strategiyalardan biridir. Bu istiqamətdə aşağıdakı məktəb təşkilatları mühüm rol oynayır.
“Birləşmiş Liseyistlər Təşkilatı”
2007-ci ildən Bakı Avropa liseyində yaradılan və bu günlərdə də fəaliyyət göstərən unikal şagird təşkilatı – “Birləşmiş Liseyistlər Təşkilatı” (BLT) uşaqların şəxsiyyətinin inkişafı üçün yeni münasib sosial şərait yaradır. Bu təşkilatın köməyi ilə şagirdlər müxtəlif özünüidarəetmə fəaliyyət növlərini həyata keçirirlər, əməkdaşlıq və innovasiya sahəsində təcrübə toplayırlar. Bu fəaliyyətlər həm məktəb icmasının vacib ehtiyac və maraqlarına nail olmağa, həm də şagirdlərin fəallığını, məsuliyyətini və liderlik, təşəbbüskarlıq və innovasiya yaratmaq qabiliyyətlərini, tolerantlığı, əməkdaşlıq etmək və konfliktləri səmərəli həll etmək bacarıqlarını inkişaf etdirməyə zəmin yaradır. Bu təşkilata yarandığı gündən ingilis dili müəllimi Kristina Əliyeva rəhbərlik edir.
Uşaqlığın ən vacib və aktiv dövrlərindən biri yeniyetməlik dövrüdür. Məhz bu dövrdə uşaqda sürətlə dəyişən dünyada gələcək həyat üçün lazım olan bir sıra mühüm kompetensiyalar formalaşır. Məhz bu yaş fərdin sosial inkişafı, onun vətəndaş və cəmiyyətin fəal üzvü kimi formalaşması üçün böyük potensiala malikdir. Bu məqsədlə 2007-ci ildə Bakı Avropa liseyində könüllülük, bərabərlik və humanizm prinsipləri əsasında fəaliyyət göstərən müstəqil, özünüidarəetmə təşkilatı kimi Bakı Avropa liseyinin “Birləşmiş Liseyistlər Təşkilatı” (BLT) yaradılmışdır. BLT üzvləri 10 yaşdan 16 yaşa qədər olan şagirdlər ola bilər.
BLT strukturu V-IX sinifləri əhatə edən müstəqil dövlətlərin birliyini əks etdirir. Hər bir dövlət öz adı və atributlarına (bayraq, gerb, deviz) malikdir. Hər bir sinif müstəqil dövlət statusuna malik olduğundan dövlətin idarəetmə orqanlarını təmin edir. Xüsusi təşkil edilmiş seçki prosesində prezident, vitse-prezident, baş nazir sinfin həyatı üçün ən uyğun fəaliyyət sahələrinin (təhsil, səhiyyə, ekologiya, ədliyyə, informasiya texnologiyaları və s.) nazirləri seçilir. Bundan əlavə, yaranmış problemləri və münaqişələri həll etmək məqsədi ilə özünüidarə orqanlarına hüquqşünaslar, arbitrlər, müstəqil nümayəndələr seçilə bilər. Hər bir müstəqil dövlət öz fəaliyyətini BLT-nin məqsəd, vəzifə və funksiyalarına uyğun olaraq müəyyən edir.
İl ərzində təşkilatın dövlətlərinə aid olan şagirdlər öz fəaliyyətlərində təşkilatın prinsiplərinə və BLT-nin Nizamnaməsində təsbit olunmuş dövlətlərin qiymətləndirilməsi meyarlarına diqqət yetirərək öz dövlətlərinin inkişaf planını həyata keçirirlər. Tədris ilinin sonunda hər bir dövlətin işi xüsusi komissiya tərəfindən qiymətləndirilir. Ən yüksək bal toplayan dövlətlər növbəti tədris ilinin payızında Liseyin Özünüidarə Gününü keçirmək hüququ qazanır. Təşkilatın mövcud olduğu illər ərzində minlərlə uşaq özünüidarəetmə məktəbini keçmiş və XXI əsrin əvəzolunmaz kompetensiyalarını əldə etmişdir ki, bu da onlara gələcək-yetkinlik həyatında uğurlu peşəkar və lider olmağa imkan verir.