Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş festival

2015-ci ildən başlayaraq hər il dekabr ayının son günlərindən birində Bakı Avropa liseyində  Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş festival keçirilir. Bu bayramın əsas ideyası bütün dünya azərbaycanlılarının birliyi və həmrəyliyi, milli-mənəvi dəyərlərə hörmət, o cümlədən Vətənin tarixinə bağlılıq hissini şagirdlərə aşılamaqdır.

Bu bayram artıq 7 ildir ki, ardıcıl olaraq Bakı Avropa liseyində festival şəklində təntənə ilə keçirilir. Festivalın təşkilatçıları Birləşmiş Liseyistlər Təşkilatının üzvləridir.

Birinci festival (2015) Azərbaycanın coğrafiyasına həsr olunmuşdu, ikinci festivalda (2016) dünya azərbaycanlıların yaşadığı ölkələrin təqdimatı keçirildi. Üçüncü festival isə (2017) ölkəmizin tarixinə həsr olunub. Dördüncü festivalda (2018) Azərbaycanın görkəmli nümayəndələri təqdim olundu. Beşinci festival (2019) Azərbaycan kinosuna həsr olunmuş, altıncı festival (2020) bizi Azərbaycanda xalçaçılıq sənəti, xalçaların tarixi və Azərbaycanın müxtəlif bölgələrində bu sənətin istiqamətləri ilə tanış etdi. 2021-ci ildə isə Bakı Avropa liseyinin şagirdləri Azərbaycan milli geyimlərini festivalın qonaqlarına və iştirakçılarına təqdim etdilər.

Bakı Avropa liseyi hər zaman müasir dövrlə ayaqlaşır, hətta onu qabaqlayır da! Amma ən əsası bizim şagirdlərimiz anlayırlar ki, hər zaman və hər yerdə öz tariximizə qiymət verməklə yanaşı, onu bilməli və mənəvi dəyərlərimizi nəsildən nəslə ötürməliyik.

Bu festival özündə məhz bu davamlılığı əks etdirməklə, dünya azərbaycanlılarının ürəyinin birlikdə necə döyündüyünü hiss etdirməyə imkan verir.