KİNOMƏKTƏB
Bakı Avropa liseyinin ilk kino məktəbi 2006-cı ildə dünya şöhrətli azərbaycanlı ssenarist, yazıçı, “Oskar” mükafatçısı Rüstəm İbrahimbəyov tərəfindən açılıb və onun rəhbərliyi və prodüser, rejissor, aktyor Cəmil Quliyevin dəstəyi ilə 5 il fəaliyyət göstərib. Kino məktəbinin üzvləri məşhur Azərbaycan kinoxadimlərinin ustad dərslərinin vasitəsi ilə kino tarixini öyrənmiş, filmin çəkiliş prosesi haqqında təsəvvür əldə etmiş, ssenari yazmağı öyrənmiş, qısametrajlı filmlər çəkmişlər. Kino məktəbinin yaradılmasında əsas məqsəd uşaq və yeniyetmələrin kinematoqrafiyaya marağını artırmaq, istedadlı uşaqları üzə çıxarmaqdır.
Kino məktəbinin ikinci mərhələsi 2015-ci ilin əvvəlində, lisey Yaponiyanın “TokyoCinema” studiyası ilə birlikdə “Tokyo-Baku-Cinema” beynəlxalq uşaq kino məktəbinin layihəsinə start verdikdə başlayıb. 2015-ci il fevralın 7-də Azərbaycan Dövlət İncəsənət Universiteti və Yaponiyanın “TokyoCinema” kinostudiyasının dəstəyi ilə ilk beynəlxalq “TBCinema” uşaq kino məktəbi açılıb. Ustad dərslərini Ayan Mirqasımova (aktyorluq), Rafiq Quliyev (operatorluq), Yalçın Əfəndiyev (bədii filmin rejissorluğu), Şamil Əliyev (kino sənəti), Okada Kazuo (sənədli filmlər və vizual antropologiya) aparıblar.
Hal-hazırda kino məktəbi öz işini davam etdirir. Təlim müddətində uşaqlar özləri film çəkməyi və filmlərdə rol oynamağı öyrənirlər. Kino məktəbin məqsədi şagirdlərdə aşağıdakı peşələrin əsaslarını öyrənmək və müvafiq bacarıqları mənimsəməkdir: rejissor, operator, aktyor, ssenarist, redaktor, montaj ustası. Son illər kino məktəbində qısametrajlı bədii və sənədli filmlər çəkilir. Bakı Avropa liseyinin məktəb televiziyasının işinə başlanılıb və bir sıra verilişlər çəkilib.