İKT sahəsində şagirdlərin inkişafı
Bakı Avropa liseyinin fəaliyyətinin ilk illərindən gələcəyə yönəlmişdir və təbii ki, tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə önəm verilmişdir. Bu sahədə qazanılan uğurlar sayəsində 2007-ci ildən lisey Azərbaycanda ilk “Elektron məktəb” statusunu almışdır. Həmin vaxtdan liseyin tədris prosesinə informasiya-kommunikasiya texnologiyaları fəal şəkildə tətbiq edilir.
Bakı Avropa liseyində illər ərzində tədris prosesində və dərsdənkənar fəaliyyətdə İKT sahəsində şagirdlərin inkişafına yönəldilmiş bir sıra dövlət və liseyin öz məhsulu olan layihələr həyata keçirilir. Dövlət tərəfindən həyata keçirilən layihələrdən “1 şagird:1 kompüter” layihəsi (2009-2015), “Rəqəmsal Bacarıqlar” fənni (2017-ci ildən bu günədək), STEAM fənnini (2019-cu ildən bu günədək) qeyd etmək istərdik. Bu layihələrin köməyi ilə uşaqlarımızda alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqları inkişaf etdirilir və proqramlaşdırmanın əsasları öyrədilir.
Bu layihələrin keçirilməsində məqsəd şagirdlərdə XXI əsrin bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığın inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, robototexnika və müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.
Liseydə tətbiq edilən yeni model layihələrdən “Digital Learning Weeks” (2015-ci ildən bu günədək), “ICT Girls” təşkilatı (2017-ci ildən bu günədək), “Virtual Təhsil Könüllüləri” layihələrini (2020-2022) göstərə bilərik. Bu layihələrin əsas məqsədi İKT əsaslı yeni model dərslərin yaradılması, şagirdlərdə virtual və real aləmdə təlimçi (tyutorluq) bacarıqlarının formalaşdırılması, yerli və xarici ölkələrin şagirdləri ilə əməkdaşlıq və birgə rəqəmsal resursların, intellektual ideya məhsullarının yaradılması, qızların STEM peşələrini seçmələrinə maraq oyadılması və dəstəyin göstərilməsi, müsabiqələr, yarışmalar, festivallarda, vebinar və onlayn konfranslarda iştirak edərək qalib yerlər qazanmalarıdır.
Liseydə 2007-ci ildən fəaliyyət göstərən “İnteraktiv Təlim Mərkəzi”ndə müntəzəm olaraq həm şagirdlər, həm də müəllimlər üçün peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə müxtəlif mövzularda İKT əsaslı təlimlər həyata keçirilir.
“ICT Masters Organization”
İKT sahəsində liseyin ən özünəməxsus layihələrdən biri “İKT Masterləri Təşkilatı” (“ICT Masters Organization”) xüsusi şagird təşkilatıdır. Bu təşkilatda şagirdlər İKT üzrə yeni bilik və bacarıqları və eyni zamanda tyutorluq bacarıqlarını əldə edirlər, həm şagirdlər, həm də müəllimlər üçün İKT üzrə təlimləri həyata keçirməyi öyrənirlər.
“İKT Masterləri Təşkilatı” (ideya müəllifi Bakı Avropa liseyinin informatika müəllimi və İKT üzrə direktor müavini Rəhilə Əliyarzadə) şagird təşkilatının yaradılmasına təkan verən 2012-2015-ci illərdə Bakı Avropa liseyində həyata keçirilən YUNESKO-nun “Gələcək üçün Təhsil” beynəlxalq layihəsi olmuşdur. Layihənin məqsədi – YUNESKO-nun Beynəlxalq Komissiyası tərəfindən müəyyən olunmuş XXI əsr üçün təhsilin 4 istiqamətinin ( bilmək, etməyi öyrənmək, olmağı öyrənmək və birlikdə yaşamağı öyrənmək) səmərəli tətbiqinə şərait yaratmaq idi. Bakı Avropa liseyində təlim prosesində İKT-dən istifadə sahəsində əldə olunmuş təcrübə bu layihə çərçivəsində əməkdaşlıq əsasında uğurla həyata keçirilib.
“İKT Masters Təşkilatı”nın məqsədi:
- Bulud texnologiyaları vasitəsilə şagirdlərin şəxsiyyətinin və İKT sahəsində bacarıqların inkişafına yönəlmiş qarşılıqlı öyrənmə üçün xüsusi inkişaf edən mühitin yaradılması;
- Real və virtual auditoriyada kouçinq, tyutorluq və natiqlik bacarıqlarının inkişafı;
- Şagirdlərin İKT sahəsində fərdi qabiliyyətlərinin reallaşdırılması;
- Vebinarların keçirilməsi bacarıqlarının inkişafı;
- Tədris prosesinin bütün sahələrində (layihələr, müxtəlif məktəb fənnləri, məktəb tədbirləri) veb alətlərinin tətbiqi.
Bu təşkilatın üzvləri Bakı Avropa liseyinin İKT sahəsində xüsusi istedadı olan şagirdləridir. Təşkilat strukturuna təşkilatın üzvləri tərəfindən seçilən prezident, İKT ustaları, repetitorlar və rəhbər daxildir. İKT ustalarının müxtəlif səviyyələri var: “Junior”, “Senior”, “Advanced” və İKT səriştələri inkişaf etdikcə şagirdlər növbəti yüksək pilləyə yüksəlirlər. Təşkilatın fəaliyyət prinsipi təşkilatın üzvləri (İKT Masterləri), müəllimlər (müxtəlif fənnlər üzrə), eləcə də həm ölkəmizdə, həm də xaricdə təhsil alan digər məktəblərin şagirdləri arasında həyata keçirilən qarşılıqlı öyrənməyə əsaslanır.
Klubun məqsədlərinə uyğun olaraq şagirdlər İKT-nin müxtəlif istiqamətləri, tyutorluq və təlimçi kompetensiyaları üzrə xüsusi təlimlər keçir, o cümlədən əldə etdikləri bacarıqları müxtəlif layihələrdə həyata keçirir, şagirdlərin özləri arasında təlimlər keçirirlər. Qeyd edək ki, İKT ustaları təkcə öz həmyaşıdları ilə deyil, onlardan yaşça böyük şagirdlərlə, və hətta müəllimlərlə də təlimlər keçirə bilirlər. Ölkəmizdə və bəlkə də dünya təcrübəsində ilk dəfə olaraq şagirdlərin müəllimlərinə yeni müasir bacarıqları öyrətməsi ilə bağlı layihə həyata keçirilib. Bu fəaliyyətlərdə fəal iştirak təşkilat üzvlərinin Qabaqcıl Magistr adının əldə edilməsinə kömək edir. Təşkilatın fəaliyyəti zamanı əldə etdikləri bacarıqlardan istifadə etməklə şagirdlər Bakı Avropa liseyinin bir çox İKT üzrə innovativ layihələrində iştirak edərək öz bacarıqlarını reallaşdırmağa nail olublar.
Təşkilatın üzvləri tərəfindən əldə edilən səlahiyyətlərə aşağıdakılar daxildir:
- Həm müxtəlif fənlərin öyrənilməsi, həm də həyat bacarıqlarının mənimsənilməsi ilə bağlı müasir rəqəmsal layihələrin yaradılması;
- İnformasiya və media savadlılığının həyata keçirilməsi;
- İKT ilə təchiz olunmuş sinif otaqlarında yaranan texniki problemlərin həllində müəllimə köməklik göstərmək bacarığı.
Təşkilatın üzvlərinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Layihələr
2.Tyutorluq
- Telekörpülər və vebinarlar
- Rəqəmsal Öyrənmə Həftələri (“Digital Learning Weeks”)
- Tədbirlər, konfranslar, festivallar.
Qısa müddətdə “İKT Masters Organization” çox iş görüb.
Təşkilatın nailiyyətləri təşkilat üzvlərinin daima beynəlxalq layihələrdə mükafatlar qazandığı uğurlarıdır. Xüsusilə, “Gələcək üçün Təhsil” İKT layihəsi çərçivəsində İKT Masterlər “TRIZ” (İki komanda: 4 şagird, 2 müəllim), “GlobalLab” (78 şagird və müəllimlər qrupu) alt layihələrdə uğurla iştirak ediblər.
Fəaliyyətinin əvvəlində yaradılmış təşkilatın emblemi sonradan müxtəlif ölkələrdən çoxsaylı iştirakçılar arasında YUNESKO-nun “Gələcək üçün Təhsil” layihəsinin emblemlər müsabiqəsində qalib olmuşdur. Bu emblem YUNESKO-nun “Learning for the Future” layihəsinin rəsmi emblemi kimi irəli sürülüb.
“ICT Masters Organization” üzvləri beynəlxalq və milli layihələrdə özləri iştirak etməklə yanaşı, layihələrdə iştirak edən digər şagirdlərə də daim texniki dəstək göstərirlər.
Təşkilatın bir sıra üzvlərinin xüsusi nailiyyətlərini də qeyd etmək olar:
- V – XI sinif şagirdləri (38 nəfər) il boyu müxtəlif sinif sagirdləri üçün və bütün fənn kafedra müəllimləri üçün İKT-dən təlim prosesində, iş fəaliyyətində və həyatda səmərəli istifadə yolları üzrə treninq proqramlarını hazırlayıb təlimlər keçirmişlər.
- VII – XI sinif şagirdləri (7 nəfər) il boyu “Xüsusi ehtiyacı olan şagirdlər üçün distant təhsil” layihəsinə qoşularaq müxtəlif mövzularda İKT üzrə distant vebinarlar keçirmişlər
- 10-11 aprel 2015-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin “SABAH” qruplarının tələbələrinə 2 günlük “Müasir Texnologiyalar gəncdən-gəncə” adlı əməkdaşlıq təlim layihəsi həyata keçirilmişlər.