«Evrika» İntellektual klubu

2013-cü ildən Bakı Avropa liseyində lisey şagirdlərimizin  idrak fəallığının artırılması və dünyagörüşünün genişləndirilməsi məqsədilə yaradılmış “Evrika” intellektual klubu fəaliyyət göstərir (ideya müəllifi coğrafiya müəllimi Neman Hacıyevdir). Bu klub sayəsində şagirdlər öz intellektual səviyyələrini yüksəltmək imkanı əldə edirlər. Klub üzvləri ilə sistemli şəkildə müxtəlif mövzularda interaktiv dərslər və mühazirələr keçirilir. Müəllimlərimiz Fikrət Axundov (GHH müəllimi) və Neman Hacıyev (coğrafiya müəllimi) klubda dərsləri böyük həvəslə keçirirlər. Dərslərdə və klubun müntəzəm olaraq keçirilən oyunlarında iştirak etməklə uşaqlar müxtəlif bilik sahələrində çoxlu yeni və maraqlı məlumatlar öyrənirlər. Oyunların mövzuları adətən çox müxtəlifdir və bir qayda olaraq onlar dərsliklərdən götürülmür ki, bu da klub üzvlərinin daha çox mütaliə etmək və geniş bilik dairəsinə maraq göstərmək istəyini artırır. Beləliklə, “Evrika” klubu Bakı Avropa liseyinin şagirdlərinin asudə vaxtlarının çox maraqlı keçirtdiyi məkana çevrilib.

Liseyin bütün sinifləri (III-XI siniflər) arasında iki həftədə bir dəfə “Xəmsə”, “Əlaçı”, “Breyn Rinq” və “Nə? Harada? Nə zaman?” intellektual oyunlar üzrə birinciliyin keçirilməsi artıq ənənə halını alıb.

Qeyd edək ki, lisey şagirdləri dərnəyi böyük məmnuniyyətlə ziyarət edirlər. Onun sayəsində müxtəlif intellektual yarışlarda kifayət qədər uğur qazanırlar. “Evrika” klubunun intellektualları ölkədə keçirilən müxtəlif intellektual oyunlarda haqlı olaraq güclülərdən sayılırlar. Belə ki, eruditlərimiz dəfələrlə həm rus, həm də Azərbaycan sektorunun şagirdləri arasında Xəmsə oyununun qalibi olublar. Bakı Avropa liseyinin komandası həm şəhər, həm də respublika səviyyəli ən nüfuzlu oyunların (“Xəmsə”, “Əlaçı”, “Breyn Rinq” və “Nə? Harada? Nə zaman?”, “Fibonacci” kimi) qalibi olub.

Qeyd edək ki, liseyin müəllim kollektivi şagirdlərdən ibarət komandalarla birgə intellektual oyunlarda da iştirak edir və bununla da uşaqların öz mentorları ilə rəqabətə həvəsini artırır.