Novruz ənənələri
Bakı Avropa liseyi zəngin Novruz ənənələrinə malikdir. Bütün lisey yazın gəlişinə xüsusi olaraq hazırlaşır. Hər ilin III sinif şagirdləri lisey binasını yaz abu-havasına çevirirlər: pilləkənlərdə sıra ilə səmənilər düzülür, siniflərin təsviri incəsənət dərslərində hazırladıqları butalar, çiçəklər və şəkillərlə divarlar, pəncərələr bəzədilir. Yollara rəngli kağızlardan hazırlanmış çiçəklər düzülür. Tədris ilinin yaz tətilinə buraxılan son günündə həm müəllim, həm də şagirdlər milli geyimlərdə Novruz şirniyyatları ilə bəzədilmiş xonçalarla liseyə gəlir, bir-birilərini qonaq edirlər. Liseyin böyük foyesində canlı şəkildə uşaqlar tərəfindən şəkərburalar burulur, naxışlanır və bişirilir. Sinif otaqlarında milli kaloritdə süfrələr açılır, tənəffüslərdə sinif qapılarına papaqlar atılır. Həmin gün keçirilən Yarmarka bazarının sevimli alış-verişində hamı həvəslə iştirak edir. Liseyə gətirilən xonçalardakı şirniyyatlar və uşaqların əl işlərindən hazırlanmış və alınmış əşyalar bazarda satılır. Yarmarkadan əldə olunan gəlir xeyriyyə işlərinə xərclənir.