Kiçik Elmlər Akademiyası
Elmi-tədqiqat sahəsi
Bakı Avropa liseyinin təlim məzmunu və metodologiyasının əsas məqsədi ilk məktəb illərindən (birinci sinifdən başlayaraq) istedadlı şagirdləri müstəqil elmi axtarışlara yönəltmək və tədqiqat işləri üçün bacarıqlara yiyələndirməkdir. Bu məqsədə ilk növbədə Fənlərarası Təlim proqramı öz töhfələrini verir. Eyni zamanda bu bacarıqları tətbiq və inkişaf etdirməyə imkanlar yaradan xüsusi məktəbdənkənar fəaliyyətlər və qurumlar kömək edir. Liseydə IV sinifdə “Gənc eruditlər klubu” və V-XI siniflərdə “Kiçik Elmlər Akademiyası” fəaliyyət göstərir.
Bakı Avropa liseyində Azərbaycanda ilk dəfə yaradılan uşaqların elmi-tədqiqat bacarıqlarını inkişaf etdirən unikal təşkilat “Kiçik Elmlər Akademiyası” 2000-ci ildən fəaliyyət göstərir. Bu təşkilat şagirdlərin istənilən bilik sahəsi və istənilən mövzuda elmi işin hazırlanmasını dəstəkləyir. Kiçik Elmlər Akademiyasının illik təşkil etdiyi konfranslarda tanınmış alimlərdən ibarət münsiflər heyəti bu tədqiqat işlərini qiymətləndirir. Akademiya müəllim-koordinator və şagird-prezidenti tərəfindən idarə olunur.
“Kiçik Elmlər Akademiyası”nın ilk konfransı 2001-ci ildə baş tutdu. Hər bir konfrans liseyin həyatında bir hadisəyə çevrilir. Bütün iştirakçılar Bakı Avropa liseyinin “Kiçik Elmlər Akademiyası”na üzvlük sertifikatı alırlar. Bu illər ərzində “Kiçik Elmlər Akademiyası”nı yüzlərlə gənc akademik bitirmişdir.
Uşaqların elmi işə hazırlanması həm Fənlərarası Təlim Proqramı üzrə birinci sinifdən onların əldə etdikləri tədqiqat fəaliyyəti bacarıqları, həm də “Kiçik Elmlər Akademiyası”nın elmi rəhbəri və elmi kurator-müəllimlərinin xüsusi təlimləri və məsləhətləri ilə asanlaşdırılır.
Şagirdlərin tədqiqat fəaliyyəti üçün mövzuların çeşidi çox müxtəlifdir. Uşaqlar tarix, coğrafiya, riyaziyyat, informatika, fizika, kimya, tibb, biologiya, ekologiya, ədəbiyyat və dilçilik, psixologiya və sosiologiya, mədəniyyətşünaslıq, siyasət və hətta hərbi elmlərə aid elmi tədqiqatlar həyata keçirirlər. Şagirdləri zəmanəmizin aktual problemləri narahat edir, onlar elmin mürəkkəb məsələlərinə toxunmaqdan çəkinmirlər.
“Kiçik Elmlər Akademiyası”nın ilk müəllim-koordinatoru biologiya və FAT müəllimi İrina Əzizova olmuşdur. Burada uzun illər ərzində elmi rəhbərliyi həyata keçirən FAT müəllimi Viktoriya Nəzərova hal-hazırda da akademiyaya rəhbərlik edir.
Bakı Avropa liseyinin “Kiçik Elmlər Akademiyası” modeli Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bəyənilərək digər məktəblərdə də tətbiq olunmağa başlanmışdır.