“Yaşıl dalga” aksiyası

Bakı Avropa liseyi Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində 10 oktyabr 2018-ci ildən başlayaraq liseyin yeni ənənəsi yaranmışdır – ”Yaşıl dalğa” ekoloji aksiyasının keçirilməsi.

Aksiyanın əsas məqsədi dünya ictimaiyyətinin, xüsusilə bəşəriyyətin gələcək inkişafının  qayğısına qalmaq və qlobal ekosistemin tarazlaşdırılmasının bərpası  estafetini qəbul edəcək  gənc nəslin diqqətinin ətraf aləmin bugünkü problemlərinə cəlb etməkdir. ”Yaşıl dalğa” aksiyası Bakı Avropa liseyinin təşəbbüsü və Dənizkənarı Bulvar İdarəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun və Mərkəzi Nəbatat Bağının dəstəyi ilə keçirilir. Qeyd edək ki, hər il 6 oktyabr Dünyada  Yaşayış Məskənlərinin Müdafiəsi Günü kimi qeyd edilir. Bu günlərdə  bəşəriyyətin diqqətini Yer  planetinin flora və faunasının qorunması  probleminə cəlb etmək məqsədi ilə müxtəlif ölkələrdə beynəlxalq bayram keçirilir. Azərbaycanda ekoloji problemlərə ölkə rəhbərliyi tərəfindən daima diqqət yetirilir. Aksiya zamanı şagirdlərə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Ekologiyanın müdafiəsi – xalqın  sağlamlığının, milli genefondun müdafiəsi deməkdir.” fikrinin əhəmiyyəti açıqlanır.

İlk aksiya 10 oktyabr 2018-ci il, ikincisi isə 12 oktyabr 2019-ci il  tarixlərində keçirilmişdir. Aksiya iştirakçılarının Azərbaycanın “Qırmızı Kitabı”na salınan və digər endem bitkilərin 50-yə yaxın tinglərini (dəmir ağacı, Lənkəran akasiyası, nar ağacı, şabalıdyarpaq palıd, sərv ağacı, Eldar şamı və s.) mütəxəssislərin köməyi ilə  Dənizkənarı Milli Parkda xüsusi ayrılmış sahədə şagirdlər tərəfindən əkildi. Tədbir zamanı əkilən bitkilər və tinglər AMEA-nın Mərkəzi Nəbatat bağının  və Dənizkənarı Bulvar İdarəsinin hədiyyəsi olmuşdur. Aksiyalar zamanı uşaqlar tərəfindən Dənizkənarı Bulvarda Azərbaycanın endemik floraya aid nümunələrinin- şəkillərinin çəkilərək “Vernisaj” adlanan sərgilənməsi baş verdi. Eyni zamanda şagirdlərin Azərbaycan endemikləri barədə Nəbatat Bağının mütəxəssisləri tərəfindən həyata keçirilən  interaktiv mühazirədə iştirakı, ən seçilmiş rəsm əsərinə görə təltiflənməsi və onlara uşaqların adları yazılmış bitkilərin qələmlərinin təqdim olunması tədbirləri də aksiyalar zamanı keçirilmişdir. Tədbirdə Bakının bir sıra mərkəzi məktəblərinin şagirdləri də fəal iştirak etmişdir.

Azərbaycan təbiətinin daha da dərindən tanınmasında və diqqətlə yanaşıb qorunmasında bu aksiyanın böyük rol oynamasını nəzərə alaraq , “Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi tərəfindən ilk tədbirin ənənəvi tədbirə çevrilməsi təşəbbüsü irəli sürülmüşdür.  “Yaşıl dalğa” Uşaq Ekoloji Hərəkatın çərçivəsində hal-hazırkı aksiyanın hər il keçirilməsi nəzərdə tutulur. Dənizkənarı Bulvarda yerləşən alleyada Bakı Avropa liseyi tərəfindən Azərbaycanın endemik bitkilərinin əkilməsi davam edir. Dənizkənarı Bulvar İdarəsinin razılığı ilə Bakı Avropa liseyi tərəfindən “Yaşıl Dalğa” aksiyasının növbəti illərdə də keçirilməsi nəzərdə tutulub və artıq əkilmiş ağaclar böyüyərək bu gözəl təşəbbüsün əhəmiyyətinin canlı təsdiqidir. Eyni zamanda Novruz bayramı ərəfəsində Azərbaycanda endemik bitkilərin əkilməsi yeni mədəni-ekoloji ənənənin yaranması kimi elan edildi